VIII Beynəlxalq Şairlər Günü çərçivəsində növbəti tədbir Beyləqanda keçirilib
Beyləqan, 8 iyun, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyi (AYB) və Gənc Şairlər Birliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən VIII Beynəlxalq Şairlər Günü çərçivəsində növbəti tədbir Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın yaradıcılığına həsr edilib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar Rzayev, İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) sədri Mehmet Nuri Parmaksız, AYB-nin mətbuat xidmətinin katibi, şair Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyinin Qubadlı bölməsinin sədri Namiq Məna, Beyləqanda yazıb yaradan şair və yazıçılar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin və Mücirəddin Beyləqaninin abidələrini ziyarət edərək, önünə tər gül-çiçək qoyublar.
Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev Ulu Öndərin həmişə yaradıcı insanların yanında olduğunu, onlara diqqət və qayğı göstərdiyini, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar may-iyun aylarında keçirilən Şairlər Günü layihəsi barədə məlumat verib. Bildirib ki, Şairlər Günü Azərbaycan şairləri ilə yanaşı, Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan şairlərin də xatirəsinə həsr edilir. Mücirəddin Beyləqaninin XII əsr klassik şairləri ilə bir zirvədə olduğunu diqqətə çatdıran Yazıçılar Birliyinin sədri Beyləqanda belə tədbirin keçirilməsini yüksək qiymətləndirib.
İLESAM-ın sədri Mehmet Nuri Parmaksız bu cür tədbirlərin türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirdiyini diqqətə çatdırıb.
Paytaxtla yanaşı, bölgələrdə də icra edilən Şairlər Günü layihəsi barədə danışan AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza layihənin əsas məqsədinin türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə təbliğ etmək, həmçinin müasir yazarlar arasındakı ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirmək olduğunu bildirib.
Sonra AYB-nin Beyləqan bölməsinin sədri Asif Cəfərli XII əsrin klassik şairi Mücirəddin Beyləqaninin, Yazıçılar Birliyinin Beyləqan bölməsinin sədr müavini Elman İsrafiloğlu XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb yaratmış özbək şairi Abdulhamid Süleyman Çolpanın həyat və yaradıcılığı barədə ətraflı bəhs ediblər. AYB-nin Beyləqan bölməsinin üzvləri yazdıqları şeirləri söyləyiblər.
Tədbir Beyləqan rayon mədəniyyət evinin “Mil” Xalq Çalğı Alətləri Ansamblının və Niyazi adına uşaq musiqi məktəbinin kollektivinin ifasında konsert proqramı ilə başa çatıb.