“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur
Bakı, 14 dekabr, AZƏRTAC
Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində 175 mindən çox məqalə mövcuddur. Azərbaycan dili bölməsi “Vikipediya”nın sıralamasında 51-ci yerdədir. “Azviki” yaranandan bu günədək 5,6 milyon dəyişiklik edilib. Son aylarda bu virtual ensiklopediyada ana dilimizdə məqalələrin yaradılmasında böyük fəallıq müşahidə olunur. Belə ki, təkcə son bir ay ərzində 1000-dən çox istifadəçi (hazırda 1015) fəallığı olub, bunlardan 65-nin hər biri 50-dən çox məqalə redaktə edib.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Vikipediya”nın inkişafı ilə bağlı “Azərbaycan vikimediaçıları” istifadəçi qrupu tərəfindən həyata keçirilən mövzulu aylar, Mərkəzi Elmi Kitabxananın “Vikipediya” könüllülərinin sistemli fəaliyyəti və digər addımlar ölkəmizdə bu virtual ensiklopediyanın inkişafını sürətləndirir və ona olan marağı artırır. Bu sahədə xüsusilə “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədovun təşəbbüsü ilə həyata keçirilən “Türk dünyası “Vikipediya”da” layihəsi böyük əhəmiyyət kəsb edir. Layihə çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Belə ki, bir ay ərzində 70-dən çox məqalə yaradılıb və əsaslı redaktə olunub.
“Müasir dövrdə “Vikipediya”nın Azərbaycan dili bölməsində türk dünyasını əhatə edən müxtəlif mövzulu məqalələrin yaradılmasına və zənginləşdirilməsinə böyük ehtiyac var. Bu günlərdə Milli Məclisin deputatı Elnur Allahverdiyevin “Facebook” səhifəsində özünün təşəbbüsü ilə “Qorqud” Vikipediya Metodik Klubunun yaradılmasını elan etməsi ölkəmizdə “Vikipediya” hərəkatının inkişafında atılan təqdirəlayiq addımdır. İnanırıq ki, “Vikipediya” sahəsində həyata keçirilən bütün bu işlər doğma dilimizdə məlumatların zənginləşdirilməsinə və informasiya bazasının genişləndirilməsinə öz töhfəsini verəcək”, - deyə Elnur Eltürk əminliyini bildirib.