ELM VƏ TƏHSİL
“Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə başlanılır
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 12-dən “Virtual məktəb”də müəllimlər üçün fənlər üzrə ixtisas hazırlığı təlimlərinə start veriləcək.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təlimlərin keçirilməsində məqsəd müəllimlərə işə qəbul, sertifikasiya və diaqnostik qiymətləndirilmə üzrə təşkil ediləcək imtahanlara hazırlıq üçün dəstək göstərməkdir. Təlimlər hər həftənin çərşənbə və bazar günləri Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, riyaziyyat, informatika, fizika, biologiya, coğrafiya, ingilis dili, rus dili, fransız dili olmaqla 10 ixtisas üzrə keçiriləcək.
Təlimlər barədə ətraflı məlumat hər həftə “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində paylaşılacaq. Müəllimlər qeydiyyatdan keçmədən tədbirin linki vasitəsilə canlı görüşdə iştirak edə biləcəklər. Ödənişsiz formada təşkil olunacaq bu təlim xidmətindən Azərbaycan və rus bölmələri üzrə müəllimlər faydalana bilərlər.
Qeyd edək ki, yuxarıda adları qeyd olunan təlimlərlə yanaşı, “Virtual məktəb”də müəllimlərin peşəkar inkişafı məqsədilə davamlı olaraq “İngilis dilinin danışıq səviyyəsində tədrisi”, “Kurikulumun tədrisi”, “Elmi-texniki biliklərin gündəlik həyatda tətbiqi”, “Rəqəmsal bacarıqların inkişafı”, “Tədrisdə interaktiv alətlərin tətbiqi” adlı təlim və vebinarlar təşkil olunur.