“Visa kartları ilə ödəniş qazandırır!” lotereyasının 2-ci tirajı keçirilib
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankında (AMB) “Visa” Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə cəmiyyətdə nağdsız ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən, mart və aprel aylarını əhatə edən “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılıb.
AMB-dən AZƏRTAC-a bildirilib ki, lotereya Mərkəzi Bankla “Visa” arasında imzalanmış memorandum çərçivəsində əhalinin rəqəmsal ödənişlərə stimullaşdırılması, təsərrüfat subyektlərində nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılması məqsədilə həyata keçirilib. Lotereya dövründə Azərbaycan bankları tərəfindən emissiya edilmiş “Visa” brendli ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edib. Bu dövrdə uduş məbləği 100 manat olmaqla, ümumilikdə 300 şəxs qalib olub.
Birinci tiraj dövrünü əhatə edən mart ayında lotereya şərtlərinə uyğun olan 182 min 2 ödəniş kartı ilə aparılmış 867 min 690 əməliyyat, ikinci tiraj dövrünü əhatə edən aprel ayında isə müvafiq olaraq 159 min 348 ödəniş kartı ilə aparılmış 762 min 29 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib.
Lotereya üzrə qaliblərin siyahısı ilə Mərkəzi Bankın rəsmi internet səhifəsində tanış olmaq olar: https://www.cbar.az/page-179/pay-with-visa-and-earn.