VLADİMİR PUTİN İKİNCİ MÜDDƏTƏ RUSİYA FEDERASİYASININ PREZİDENTİ SEÇİLMİŞDİR
Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakovun məlumatına görə, Vladimir Putin seçici səslərinin 71,2 faizini toplamışdır. V.Putinə 48 milyon 918 min 513 seçici səs vermişdir. MSK-nın sədri demişdir ki, hələlik protokolların 99 faizi hesablanmışdır. Seçkilərdə seçicilərin 64,3 faizi iştirak etmişdir.
Əvvəl xəbər verildiyi kimi, Prezident vəzifəsinə digər namizədlər Vladimir Putindən xeyli geridə qalmışlar. Hələ seçkilər ərəfəsində keçirilmiş bütün sosioloji sorğuların nəticələri, habelə politoloqların və analitiklərin rəyləri göstərirdi ki, Rusiya Federasiyasının indiki Prezidenti qalib gəlmək üçün ən real imkana malikdir. Buna görə də seçkilərdə V.Putinin inandırıcı qələbəsi rusiyalılar üçün, elə Prezidentin özü üçün də gözlənilməz olmadı. V.Putin seçkilərdən sonra, gecə özünün seçkiqabağı qərargahında keçirdiyi mətbuat konfransında məmnunluqla bildirdi ki, martın 14-də keçirilmiş seçkilərin nəticələri dörd il əvvəlkindən xeyli yüksəkdir. O, prezident seçkilərində iştirak etdiklərinə və onun namizədliyini dəstəklədiklərinə görə Rusiya vətəndaşlarına təşəkkürünü bildirdi. Onun sözlərinə görə, bu, son dörd ildə görülmüş işlərə verilən qiymətdir.
Sonra Pusiya dövlətinin başçisi ictimaiyyəti əmin etdi ki, ölkənin siyasi xətti davam etdiriləcək, demokratik nailiyyətlər qorunub saxlanılacaqdır.