Voleybolçularımız EEVZA çempionatında güclərini sınayacaqlar
Bakı, 20 noyabr, AZƏRTAC
Komandamız son məşqlərini keçirir. Qızlarımız ilk görüşə noyabrın 22-də çıxacaqlar. Bu, onların beynəlxalq yarışda ilk iştirakı olacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 22-25-də Ukraynanın Zaparojye şəhərində 2002-2003 təvəllüdlü voleybolçu qızlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək milli komandamızın baş məşqçisi Adnan Kistak deyib.
Mütəxəssis bildirib ki, artıq 3 aydır komandamız yarışa hazırlaşır. Əsas məqsədimiz gələn il Bakıda keçiriləcək Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında qızlarımızın yaxşı formada olmasıdır. Ona görə də bu yarışda qızların daha inamlı oynamalarına kömək etməliyik. Gənclərimizin təcrübə toplaması vacibdir. Oyunçu keçirdiyi görüşlərdə təcrübəsini artırır, məşqlər zamanı isə səhvlərini düzəldir. Çempionatda rəqiblərimiz Ukrayna, Belarus, Polşa və Estoniya milliləri olacaq. Mən də bir baş məşqçi kimi komandamızın yaxşı oyun nümayiş etdirməsi üçün əlimdən gələni edəcəyəm.