DÜNYA
Voronej vilayətinə PUA hücumu olub
Moskva, 16 yanvar, AZƏRTAC
Rusiyanın Voronej vilayətində dron hücumu nəticəsində 30-dan çox mənzilə ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusyev bildirib.
İlkin məlumatlara görə, Tepliçnaya küçəsindəki üç onmərtəbəli binanın 35 mənzilinə zərər dəyib. Voronej şəhərinin meri Vadim Kstenin bildirib ki, PUA hücumu nəticəsində yaşayış binalarından birinin eyvanında yanğın başlayıb, daha bir neçə çoxmənzilli və fərdi yaşayış binasının pəncərə şüşələri sınıb. Şəhərdə fövqəladə vəziyyət rejimi elan olunub.
Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən, çərşənbə axşamı gecə hava hücumundan müdafiə qüvvələri Voronej vilayəti üzərində Ukraynaya məxsus 5 pilotsuz uçuş aparatını vurub, 3 PUA ələ keçirilib. PUA-dan biri Tepliçnaya küçəsindəki mənzilə düşüb və nəticədə 2013-cü il təvəllüdlü qız yaralanıb.