Vyanada Zəfər Günü münasibətilə aksiya keçirilib
Vyana, 14 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi Vyanada yerli ictimaiyyəti məlumatlandırma tədbiri keçirib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzində qurulmuş çadırda Ermənistanın Azərbaycana hərbi təcavüzü, 44 günlük Vətən müharibəsi və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə dair məlumatlar şəhər sakinlərinə çatdırılıb. Çadırın ətrafında isə Qarabağda erməni vandalizminə məruz qalmış mədəni-tarixi abidələrin rəsmləri nümayiş olunub. Rəsmlərdə abidələrin işğaldan əvvəlki və hazırkı vəziyyəti əks etdirilib.
Dərnəyin sədri Yardım Günəş çıxış edərək Vətən müharibəsində ölkəmizin əldə etdiyi Zəfərdən danışıb. Bildirib ki, Azərbaycan daim sülhpərvər mövqe tutsa da, işğalçı Ermənistan bu ölkənin torpaqlarında əbədi olaraq qalmaq siyasətini yürüdüb. Ötən ilin sentyabrında Azərbaycana qarşı təxribatlar və dinc əhalinin hədəfə alınması Azərbaycan xalqının səbrini daşırdı, 44 günlük Vətən müharibəsinin başlamasına səbəb oldu.
O qeyd edib ki, ötən illərdə Azərbaycanın müxtəlif bölgələrinin işğal olunmasını ağrı-acı ilə anırdıqsa, indi həmin acılı günlər yerini türk yurdu Azərbaycanda Zəfər bayramları, işğaldan azad edilmiş Qarabağın dirçəlişi və həmin torpaqlarda toy-büsata verir. Qarabağda Azərbaycan bayrağı əbədi olaraq dalğalanacaq.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana