CƏMİYYƏT


www.yolumuzqarabaga.az  portalı istifadəyə verilib

Bakı, 21 yanvar, AZƏRTAC

İşğaldan azad olunan torpaqlara səfərlərin təşkil edilməsi məqsədilə yaradılan www.yolumuzqarabaga.az  portalı texniki olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanıb. Portalın məqsədi səfərlər üçün bilet alışının asanlaşdırılması, vətəndaşların səfərlərinin rahat və təhlükəsiz şəkildə həyata keçirilməsidir.

Bu barədə AZƏRTAC-a agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, portal vasitəsilə bilet sifarişini 3 addımda reallaşdırmaq mümkündür: portala giriş, biletin seçimi və ödəniş.

Vətəndaşın aldığı bilet haqqında məlumat onun şəxsi kabinetində görünəcək. Həmçinin bilet haqqında məlumat portalda qeyd edilən mobil nömrəyə SMS-lə göndərilir. Biletinin pdf forması isə vətəndaşın portalda qeyd etdiyi e-mail ünvanına göndərilir.

Biletin üzərində QR kod yerləşdirilib. QR kod vasitəsilə vətəndaşın aidiyyəti məntəqələrdə biletinin yoxlanışı daha operativ şəkildə həyata keçiriləcək.

Səfərlər yalnız COVID-19 pasportlarına (vaksin, immunitet və ya əks göstəriş sertifikatları) malik vətəndaşlar üçün mümkün olacaq. Habelə səfərlər Vətən Müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, həmçinin Qarabağ müharibəsi əlilləri üçün ödənişsiz olacaq. Bu istiqamətdə yoxlamalar vətəndaşların rahatlığı üçün elə sistem üzərindən real vaxt rejimində yoxlanacaq.

Yoxlama www.yolumuzqarabaga.az  portalına aidiyyəti qurumların sistemlərinin inteqrasiya olunması sayəsində baş tutacaq, beləliklə vətəndaşlar bu istiqamətdə əlavə yoxlamalardan azad olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.