Xaçmaz və Qubada 200-ə yaxın könüllü donor qan verib
Xaçmaz, 25 iyun, AZƏRTAC
İyunun 25-də Xaçmaz və Qubada hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələrə yardım məqsədilə təşkil olunan aksiyalarda ümumilikdə 200-ə yaxın könüllü donordan qan götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Respublika Qan Bankının Quba bölməsində və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar aksiyalarda xüsusi tibb briqadasının həkim-hematoloqları donorları müayinə etdikdən sonra onlardan qan götürüblər.
Səhər saatlarından başlayan qanvermə aksiyasında idarə, müəssisə və təşkilatlarında çalışan əməkdaşlar fəal iştirak ediblər.
Humanitar aksiya çərçivəsində əldə edilən qan nümunələri Respublika Qan Bankına göndəriləcək və irsi qan xəstəliklərinin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması üçün qanvermə aksiyalarının keçirilməsi böyük dəstəkdir. 18-65 yaşarası, çəkisi 50 kiloqramdan artıq, sağlam olan hər kəs qan donoru ola bilər. Kişilər hər 3 ayda, qadınlar isə hər 4 ayda bir dəfə donorluq edə bilərlər.
Müxbir – Elxan Yusifli