Xaçmazda ekoloji aksiya: İki ay ərzində 30 min ağac əkiləcək VİDEO
Xaçmaz, 18 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində iki ay ərzində 30 min ağac əkiləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji aksiya ilə əlaqədar son iki həftədə rayon ərazisində şam, çinar və müxtəlif meyvə ağacları olmaqla, ümumilikdə, 15 mindən çox ting əkilib.
Növbəti ağacəkmə aksiyası oktyabrın 18-də Xudat-Qusar yolunun kənarında, Aşağı Ləgər kəndi ərazisində təşkil edilib. Avtomobil yolunun kənarına yerli iqlim şəraitinə uyğun ağaclar əkilib. Bundan əvvəl əkilən ağaclara isə aqro-texniki qulluq göstərilib.
Xaçmazda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekoloji aksiyanın oktyabr-noyabr ayları ərzində davam etdirilməsi nəzərdə tutulur.