XAÇMAZDA EKOLOJİ KİTAB BAYRAMI KEÇİRİLMİŞDİR
Bakı, 21 may (AZƏRTAC). Mayın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Xaçmaz rayonunda “Ekologiya ili”nə həsr olunmuş ekoloji kitab bayramı keçirilmişdir.
Xaçmaz rayonunda istirahət parkı bayraqlar, şarlar, ekologiyaya aid sitatlarla bəzədilmiş, ekoloji kitab bayramının emblemi qoyulmuşdur. Parkın ərazisində kitab və rəsm sərgisi təşkil olunmuşdur.
Tədbirdə iştirak edən bütün uşaqlara döş nişanları paylanmışdır.
Ekoloji kitab bayramında Mədəniyyət və Turizm Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri, kitabxanaların, məktəblərin, uşaq bağçalarının müəllimləri, məktəblilər, uşaqlar iştirak etmişlər.
Xaçmaz rayon Mədəniyyət evinin özfəaliyyət kollektivi tədbirdə maraqlı konsert proqramı nümayiş etdirmişdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru F.Quliyeva ekoloji kitab bayramının əhəmiyyətindən danışmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun müdiri Lətifə Məmmədova bayramın açılışında çıxış etmiş, kitabxanaçılar təbiətlə davranış qaydaları ilə bağlı kiçik yaşlılarla viktorina keçirmiş və suallara düzgün cavab verənlər hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbirin sonunda “Təbiət ilhama çağırır bizi” müsabiqəsinin qalibləri elan olunmuşdur.