Xaçmazda şəhid ailələri və yaralı hərbçilər ziyarət olunub
Xaçmaz, 10 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda şəhid ailələri və yaralanmış hərbçilər evlərində ziyarət olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi Seyidli, Nabran, Tel və Xanoba kəndlərində şəhid ailələrinə baş çəkib, Vətən müharibəsində yaralanmış hərbçilərlə görüşüblər.
Şəhid ailələri və yaralı hərbçilər qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağı bildirilib. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün azadlığa qovuşub.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb.
Görüşlərdə şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağı, yaralıların sağalması üçün bütün səylərin göstəriləcəyi diqqətə çatdırılıb.
Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.