Xalq Artisti Tələt Qasımov vəfat etmişdir
Bakı, 28 iyul (AZƏRTAC). Tanınmış xanəndə, Xalq Artisti Tələt Qasımov uzunsürən xəstəlikdən sonra ürək çatışmazlığından dünyasını dəyişmişdir.
Xalq Artistinin nəvəsi Vaqif Qasımov AZƏRTAC-a bildirmişdir ki, mərhum iyulun 28-də Bilgəh qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılmışdır.
Tələt Məmmədağa oğlu Qasımov 1933-cü il iyunun 21-də Bakı şəhərində anadan olmuşdur. Musiqiyə erkən yaşlarından həvəs göstərmişdir. Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir.
Tələt Qasımov bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa etmişdir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam dəstgahları, “Şüştər” təsnifləri Azərbaycan Dövlət Televiziyasının fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Muğam sənətinin mahir ifaçılarından biri olan Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri vardır.
T.Qasımov uzun illər “Azərkonsert” Birliyinin solisti olmuş, musiqi mədəniyyətimizi dünyanın müxtəlif ölkələrində - Türkiyədə, İranda, Almaniyada, Rusiyada, Misirdə, Əlcəzairdə, Tunisdə, Mərakeşdə ləyaqətlə təmsil etmişdir.
Ustad sənətkarın ifa etdiyi muğamlar musiqi mədəniyyəti salnaməsinə daxil olmuşdur.
T.Qasımovun əziz xatirəsi musiqisevərlərin qəlbində daim yaşayacaqdır.