XALQ ARTİSTİ XƏYYAM MİRZƏZADƏYƏ
Sizi – görkəmli Azərbaycan bəstəkarını 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram.
Sənətə dahi Azərbaycan bəstəkarı Qara Qarayevin tələbəsi kimi qədəm qoyaraq, yarım əsrə yaxın bir dövr ərzində Siz Azərbaycan musiqi xəzinəsinə layiqli töhfələr bəxş edirsiniz. Xalqımızın əsrlər boyu formalaşdırdığı musiqi ənənələri müxtəlif janrlarda yazdığınız əsərlərdə öz layiqli təcəssümünü tapmışdır. Musiqinizin ayrı-ayrı ölkələrdə müvəffəqiyyətlə ifa olunması onun müasirliyindən və beynəlxalq miqyasda qazandığı nüfuzundan xəbər verir. Bakı Musiqi Akademiyasının professoru kimi göstərdiyiniz fəaliyyət isə yeni musiqiçilər nəslinin yetişdirilməsi işində mühüm rol oynayır.
Əminəm ki, Sizə xas olan tükənməz enerji və yaradıcılıq əzmi bundan sonra da Azərbaycan musiqisinin inkişafına layiqincə xidmət edəcəkdir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2005-ci il