XALQIMIZA QARŞI HƏYATA KEÇİRİLƏN SOYQIRIMI SİYASƏTİNİN İKİ YÜZ İLƏ YAXIN TARİXİ VARDIR
Bakı, 30 mart (AZƏRTAC). Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında 31 mart - Azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirilmişdir.
Akademiyanın prorektoru, hüquq elmləri namizədi İlham Abbasov XIX əsrin əvvəllərində Gülüstan və Türkmənçay müqavilələrinin bağlanması ilə azərbaycanlılara qarşı soyqırımlara zəmin yaradıldığını, xalqımızın ikiyə parçalanmasından sonra tarixi Azərbaycan ərazisinə İranda yaşayan ermənilərin kütləvi şəkildə məskunlaşdırıldığını bildirmişdir. O, azərbaycanlılara qarşı soyqırımlarda millətçi “Daşnaksütun” partiyasının mürtəce rolunu konkret faktlarla diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdiyi soyqırımı və təcavüzkar siyasətin iki yüz ilə yaxın tarixi vardır.
Tədbirdə ermənilərin himayədarlarının köməyi ilə azərbaycanlıların planlı şəkildə doğma dədə-baba yurdlarından 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə çıxarılması, dünya ictimaiyyətinə “ən demokratik cəmiyyət” kimi təqdim edilən keçmiş Sovetlər Birliyi dövründə 150 min azərbaycanlının 1948-1953-cü illərdə Qərbi Azərbaycandan Kür-Araz ovalığına deportasiya edilməsi haqqında antihumanist addımlar pislənilmişdir. Həmçinin 1988-ci ildən başlayaraq qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlılara qarşı növbəti soyqırımı siyasətinin davamı kimi qiymətləndirilmişdir.
Çıxış edənlər Azərbaycan xalqının başına gətirilən soyqırımı faktlarına yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından sonra siyasi-hüquqi qiymət verildiyini xüsusi vurğulamış, kütləvi qırğın aktlarının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəldiyini və bəşər tarixində qara ləkə olduğunu söyləmişlər.
Tədbirdə xalqımızın məruz qaldığı faciələrin dünya ictimaiyyətinə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyev tərəfindən məqsədyönlü iş aparıldığı xüsusi qeyd edilmiş, işğal olunmuş torpaqlarımızın düşmən torpağından azad olunacağına, problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə əminlik bildirilmişdir.