Xalqımızın rifah halının yüksəldilməsinə yönəldilən islahatlar ardıcıl olaraq davam etdirilir
Bakı, 16 aprel, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə videokonfrans vasitəsilə çıxışı əslində, növbəti dövrə istiqamətlənən “yol xəritəsi”dir. Dövlətimizin başçısının müfəssəl və məzmunlu fikirləri dövlətini, xalqını sevən hər kəs üçün prioritet olmalıdır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev deyib.
Ölkəmizdə ciddi islahatların aparıldığını qeyd edən deputat bildirib ki, xalqımızın rifah halının yüksəldilməsinə və iqtisadiyyatımızın daha da inkişaf etdirilməsinə yönəldilən islahatlar ardıcıl olaraq davam etdirilir. Dövlət strukturlarında, Prezident Administrasiyasında, Milli Məclisdə aparılan həmin islahatlar yürüdülən siyasətin tərkib hissəsi, bariz nümunəsi və təzahürüdür. İstiqamət də budur ki, innovativ və operativ sistemə keçid zamanın nəbzinə uyğun olaraq daha tez təmin olunsun, xalq bu proseslərdən daha çox bəhrələnsin, insanların rifahı, onların dövlətə güvəni günü-gündən daha da artsın.
“Koronavirus pandemiyasının dünyanı cənginə keçirdiyi bir zamanda, yəni çətin və mürəkkəb şəraitdə belə Azərbaycan dövləti öz inkişaf strategiyasını davam etdirir, bütün sahələrdə ciddi artımlar var, dinamika yenə müsbətə doğrudur. Bütün bunlar deməyə əsas verir ki, həqiqətən getdiyimiz yol düzgündür, idarəetmə mükəmməldir, iqtisadiyyatımız dayanıqlıdır, siyasi sabitliyimiz öz müvazinətini hər zaman olduğu kimi qoruyub saxlamağı bacarır”, - deyə E.Musayev vurğulayıb.
Deputat təəssüflə diqqətə çatdırıb ki, sadalanan faktları, ölkədə gedən müsbət dəyişiklikləri görməyən və ya görmək istəməyən qüvvələr də var. Onların başında isə radikal ünsürlərin cəm olduğu “Milli şura“ dayanır. Bu antimilli ünsürlər bu dövlətə və millətə qarşı həqiqətən düşmənçilik edirlər, qara yaxırlar. Hakimiyyətlə mübarizə apardıqlarını zənn etsələr də, onlar əslində, məhz dövlət və millətlə vuruşurlar. Tək arzuları da budur ki, vəziyyət kəskinləşsin, arzuladıqları xaos üçün münbit şərait formalaşsın, problemlər artsın və onlar da bu neqativlərdən nərdivan kimi istifadə edib yuxarı boylansınlar, görünsünlər, hər zamankı populizmə köklənsinlər. Amma faydası yoxdur. Həmin günü görmək onlara qismət olmayacaq və arzuları ürəklərində qalacaq. Azərbaycan mövcud idarəçilik və rəhbəri ilə yalnız və yalnız inkişafa doğru gedir və gedəcək. Xalq-iqtidar birliyi daha da möhkəmlənəcək.
Onun sözlərinə görə, zamanında hətta inqilab paltarı üçün rəng seçməkdə belə çətinlik çəkənlər, onun-bunun paltarını, köynəyini geyinənlər, tutuquşu kimi hansısa nümunəni təkrarlayanlar, əllərində öz milli bayrağımızdan savayı hamının bayrağını saxlayanlar bu gün bu xalqı və bu iqtidara dərs keçə bilməzlər. Çünki buna mənəvi haqları yoxdur. Onlar gerçək düşmən, sifariş quludurlar, bir sözlə, marginallaşmış kütlədirlər. Çoxdan tarixin zibilliyinə gömülən bu uğursuz qrup düşünürsə ki, nə vaxtsa əllərinə fürsət keçəcək və Azərbaycanı yenə o zamankı AXC-Müsavat dövrünə aparacaqlar - yanılırlar! Həm də kökündən yanılırlar.
“Siyasi dialoq müstəvisinə yaxın belə gəlməyənlər, masa arxasında oturmağı deyil, monitor qarşısında söyməyi özlərinə prioritet seçənlər, bütün görülən işlərə, millət və xalq naminə atılan addımlara kölgə salmağa çalışanlar tarixin bütün mərhələlərində fiaskoya məhkumdurlar. Azərbaycan heç bir çətinliyə və maneələrə baxmayaraq, daim irəli gedəcək və müstəqilliyini şərəflə qoruyacaq”, - deyə Elşən Musayev vurğulayıb.