“XARİCİ DİASPOR RUSİYANIN İQTİSADİ POTENSİALIDIR”
İclasda çıxış edən Rusiya xarici işlər nazirinin birinci müavini Eleonora Mitrofanovanın sözlərinə görə, “dəyirmi masa”nın qonaqpərvər Azərbaycan torpağında keçirilməsi, ilk növbədə, ikitərəfli münasibətlərin yüksək səviyyədə olması ilə əlaqədardır. Bunun da əsasını Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il tarixli müqavilə, 2001-ci il Bakı Bəyannaməsi, 2004-cü il Moskva Bəyannaməsi, 2010-cu ilədək olan dövrdə uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə təşkil edir.
Ticarət-iqtisadi münasibətlərimiz yüksələn xətlə inkişaf edir. Ötən il qarşılıqlı əmtəə dövriyyəsi, təxminən 40 faiz artmışdır. İqtisadi əməkdaşlığa dair Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iş mexanizmi qaydaya salınmışdır. Yanacaq-energetika kompleksinin qarşılıqlı fəaliyyəti, o cümlədən Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli, nəqliyyat və nəqliyyat infrastrukturu, iqtisadiyyatın müxtəlif sahələrində kooperasiya ilə bağlı böyük planlarımız var.
Diplomat xüsusi vurğuladı ki, ölkələrimizin qarşılıqlı tərəfdaşlığı zaman çərçivəsi ilə məhdudlaşmır və xarici siyasi konyunktura ilə diktə olunmur. Bu əməkdaşlıq çoxəsrlik tarixi və mədəni ümumiliyə malik iki qonşu xalqın dostluq, sadəcə olaraq, insani münasibətlərinin möhkəmlənməsinə obyektiv ehtiyacına, hər iki dövlətin mənafeləri naminə faydalı əməkdaşlığın genişləndirilməsinə əsaslanır. Rusiyanın da, Azərbaycanın da çoxsaylı xarici diasporu var, buna görə də həmvətənlərimizin qayğısına qalmaq münasibətlərimizin əhəmiyyətli məqamlarından biridir.
Rusiya dövləti, öz tərəfindən, Azərbaycandakı həmvətənləri ilə humanitar, mədəni əlaqələrin, təhsil, elm, informasiya əlaqələrinin və işgüzar əlaqələrin inkişafına yönəlmiş geniş proqram həyata keçirir.
2004-cü ildə Xaricdə yaşayan həmvətənlərlə iş üzrə hökumət komissiyasının xətti ilə Rusiyanın Azərbaycandakı səfirliyinə federal büdcədən 7,8 milyon rubl ayrılmışdır, bu da ötənilki məbləğdən 25 faiz çoxdur. Bundan əlavə, Rusiya Azərbaycandakı rusdilli təhsil müəssisələri üçün dərslik və tədris vəsaitləri alnmasına 5,5 milyon rubl xərcləyəcəkdir. Cari ildə həmin vəsait hesabına Azərbaycana minə yaxın adda150 min nüsxədən artıq kitab göndəriləcəkdir.
İyulun 7-də “dəyirmi masa” işini ayrı-ayrı bölmələrdə davam etdirəcəkdir.