XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ AZƏRBAYCANA YENİ TƏYİN EDİLMİŞ SƏFİRLƏRLƏ GÖRÜŞLƏR OLMUŞDUR
Görüşlərdə yeni təyinatları münasibətilə səfirləri təbrik edən nazir, onların fəaliyyətləri dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərinə əmin olduğunu bildirmişdir.
Müstəqil Azərbaycan dövlətinin bütün dünya dövlətləri ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu vurğulayan E.Məmmədyarov bu istiqamətdə görülən işlərdən danışmışdır.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, xüsusən də iqtisadiyyat, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın səmərəliliyi müzakirə olunmuş, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyi vurğulanmışdır.
Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında diplomatlara məlumat vermiş və Azərbaycanın ərazi bütövlüyünün bütün dünya dövlətləri tərəfindən tanındığını qeyd etmişdir. Nazir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli məsələsini beynəlxalq təşkilatlar səviyyəsində dəstəklədiklərinə görə, Slovakiya, Nigeriya və Qırğızıstan səfirlərinə təşəkkürünü bildirmişdir.
Azərbaycana təyin olunmalarından məmnunluqlarını ifadə edən səfirlər öz ölkələri ilə Azərbaycan arasında münasibətlərin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edəcəklərini bildirmiş, etimadnamələrinin surətini nazir E.Məmmədyarova təqdim etmişlər.