XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
Oktyabrın 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan Ukrayna Xarici İşlər Nazirliyinin Dövlət katibi Yuriy Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir Vilayət Quliyev qonaqları salamlayaraq bu səfərin iki ölkə arasında işgüzar əlaqələrin möhkəmlənməsi və genişlənməsi üçün faydalı olacağını, əməkdaşlığın gələcək perspektivdə böyük əhəmiyyət kəsb edəcəyinə inam yaratdığını qeyd etmiş, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinə tərəfdar olduğunu bilirmişdir.
Görüş zamanı Ukrayna Xarici İşlər Nazirliyinin Dövlət katibi Yuriy Sergeyev öz ölkəsinin xarici işlər naziri A.Zlenkonun Azərbaycanın Dövlət müstəqilliyi günü münasibətilə təbrik məktubunu nazir Vilayət Quliyevə təqdim edərək, Ukrayna ilə Azərbaycan arasındakı münasibətləri yüksək qiymətləndirmiş, ticarət, iqtisadiyyat, energetika və digər sahələrdə əlaqələrin o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, GUÖAM çərçivəsində səmərəli əməkdaşlığın mühümlüyünü xüsusi qeyd etmişdir.
Daha sonra ölkəmizin xarici siyasət idarəsinin başçısı Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində aparılan işlər, ATƏT-in Minsk qrupunun bu yöndə fəaliyyəti və qaçqınların ağır vəziyyəti barədə də qonağa ətraflı məlumat vermiş, münaqişənin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin zəruriliyini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.