Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratorium davam etdiriləcək
Bakı, 29 iyun, AZƏRTAC
Qazaxıstanın Astana şəhərində öz işinə başlayan Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı sessiyası başa çatıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Sessiyada Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunub. Həmçinin 2016-cı və 2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, yalnız cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərar qəbul edilib.
Eyni zamanda, “Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”ə uyğun olaraq Rusiya Federasiyasının təqdim etdiyi bildiriş əsasında bu sazişin 2016-cı il mayın 24-dən etibarən qüvvəyə minməsi barədə məlumat verilib. Sazişin ratifikasiyasının bütün Xəzəryanı ölkələrdə başa çatmasını nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası səviyyədən hökumətlərarası status səviyyəsinə qaldırılması haqqında elan verilib.
Yeni Komissiyanın birinci təsisedici hökumətlərarası sessiyasının rotasiya qaydasına uyğun olaraq cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.