XƏZƏR DƏNİZİNİN EKOSİSTEMİ ÜZRƏ MONİTORİNQLƏR DAVAM ETDİRİLİR
Bakı, 1 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ekologiya İdarəsinin ekoloji tədqiqatlar ekspedisiyası tərəfindən iş proqramına uyğun olaraq Xəzər dənizində fəaliyyət göstərən neft-qazçıxarma idarələrində hasilat zamanı Xəzər dənizinin ekosisteminə təsir parametrlərinin müəyyənləşdirilməsi, ətraf mühitin mövcud vəziyyətinin öyrənilməsi, həmçinin planktonun populyasiya sıxlığını, suyun üst və alt qatlarında qida maddələrinin miqdarını təyin etmək məqsədi ilə “Neft daşları” yatağında birinci mövsümi dəniz monitorinqi keçirilmişdir.
ARDNŞ-dən AZƏRTAC-a bildirmişlər ki, ilkin monitorinq dövründə kimyəvi, mikrobioloji, fitoplankton, zooplankton, bentos təhlillərin aparılması üçün ümumilikdə 291 nümunə götürülmüşdür. Hazırda laboratoriyada həmin nümunələr üzərində tədqiqat aparılır. Alınan nəticələrə uyğun olaraq yataq üzrə ilkin və ikinci mövsümi monitorinqdən sonra (payız ekspedisiyası) yekun hesabatın hazırlanması nəzərdə tutulur. Yekun hesabatda yatağın geoloji quruluşu, hidrometeoroloji şərait, yatağın infrastrukturu haqqında, suyun və dib çöküntülərinin təhlili, mikrobioloji, hidrobioloji və ixtioloji tədqiqatlara dair ətraflı məlumat veriləcəkdir.
Hidrobioloji tədqiqatların ümumi nəticələrinə əsasən, Xəzər dənizində yem zəncirinin müsbət və ya mənfi istiqamətdə dəyişilməsinə dair müqayisələr aparılacaqdır.