Xəzər dənizinin monitorinqi üçün yeni inklüziv layihəyə başlanılıb VİDEO
Bakı, 12 avqust, AZƏRTAC
Beynəlxalq Xəzər Günü münasibətilə avqustun 12-də “Sea Breeze” kurort şəhərciyində uşaqların ekoloji maarifləndirilməsinə və ictimaiyyətin Xəzər dənizinin vəziyyətinin müşahidəsinə cəlb olunmasına yönəlmiş “Caspian Senses Observatory” ekoloji-inklüziv proqramı keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sea Breeze” və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüs “vətəndaş elmi” (“citizen science”) elementlərini inklüziv yanaşma ilə birləşdirən ictimai ekoloji müşahidə üzrə pilot layihədir.
Proqramın əsas ideyası yaşından, inkişaf xüsusiyyətlərindən və ətraf aləmi qavrama formasından asılı olmayaraq, hər kəsin təbiətin öyrənilməsində iştirak edə və onun qorunmasına töhfə verə bilməsidir.
“Caspian Senses Observatory” proqramının ilk iştirakçıları “Sea Breeze”də yaşayan, eləcə də fərqli inkişaf xüsusiyyətlərinə malik dəvət olunmuş uşaqlar olublar. Onlar interaktiv tədqiqat stansiyalarında görmə, eşitmə, toxunma və qoxu duyğuları vasitəsilə Xəzər dənizini öyrənib, sadə ölçmələr aparıblar. İştirakçılar, həmçinin sahilyanı ərazinin biomüxtəlifliyi ilə tanış olub, çirklənmə əlamətlərini müəyyənləşdirməyi və qeydə almağı öyrənib, çimərlik mühitinin əlçatanlığını qiymətləndiriblər.
Tədbirin açılışında çıxış edən “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin rəhbəri Firuzə Sultanzadə uşaqlarda ətraf mühitə marağın formalaşdırılmasının və onların təbiətin öyrənilməsinə birbaşa cəlb edilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu cür təşəbbüslər ekoloji biliklərin müxtəlif qavrama xüsusiyyətlərinə malik uşaqlar üçün daha əlçatan və anlaşıqlı olmasına imkan yaradır.
Proqramın fəxri qonağı Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə regional koordinatoru, Tehran Konvensiyası Katibliyinin rəhbəri Mahir Əliyev olub.
Tədbirdə çıxış edən M.Əliyev Xəzər dənizinin mühafizəsinə gənc nəslin cəlb olunmasının, eləcə də ictimaiyyətin iştirakı ilə ekoloji monitorinqin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Təşkilatçıların bildirdiyinə görə, “Caspian Senses Observatory” Xəzər dənizinin inklüziv “vətəndaş elmi” prinsipləri əsasında daimi monitorinq modelinin yaradılması istiqamətində ilk addımdır. Gələcəkdə müxtəlif qavrama xüsusiyyətlərinə malik insanların apardıqları müşahidələrin vahid ekoloji məlumat və ictimai iştirak sistemində birləşdirilməsi nəzərdə tutulur.
Proqramın pilot formatda həyata keçirilməsi isə metodikanı birbaşa sahilyanı ərazidə sınaqdan keçirməyə və gələcəkdə daha geniş auditoriyaya uyğunlaşdırmağa imkan yaradır.
Çıxışlardan sonra uşaqlar üçün praktiki ekoloji ustad dərsi keçirilib. İştirakçılar birbaşa Xəzər dənizinin sahilində sonrakı tədqiqat üçün su və təbii material nümunələri götürüb, ekoloji müşahidə üsulları ilə tanış olub və apardıqları müşahidələrin nəticələrini qeydə almağı öyrəniblər.
Proqramın praktiki hissəsi Xəzər dənizinə və onun sakinlərinə həsr olunmuş interaktiv tamaşa ilə davam edib. Uşaqlar üçün anlaşıqlı formada dənizin və onun təbii aləminin obrazları vasitəsilə iştirakçılara Xəzərin biomüxtəlifliyi, sahilyanı ərazinin təmizliyinin qorunmasının vacibliyi və insanın ətraf mühit qarşısında məsuliyyəti barədə məlumat verilib. İnteraktiv format uşaqlara baş verənləri yalnız izləməyə deyil, həm də tamaşada iştirak etməyə imkan verib.
Proqram çərçivəsində ekoloji müşahidənin müxtəlif qavrama üsullarına malik insanlar üçün əlçatan olmasına xüsusi diqqət yetirilib. Beləliklə, inklüzivlik yalnız ekoloji tədbirdə iştirak etmək imkanının təmin olunması kimi deyil, həm də ətraf mühitin öyrənilməsində və ekoloji biliklərin formalaşdırılmasında tamhüquqlu iştirak kimi nəzərdən keçirilir.
Təşəbbüsün “Sea Breeze”də keçirilməsi kurort şəhərciyinin inkişafında ekoloji gündəmlə bağlıdır. Layihə çərçivəsində ərazinin ekoloji qiymətləndirilməsi aparılır, suyun və torpağın keyfiyyətinə monitorinq həyata keçirilir, həmçinin mühəndis infrastrukturunun fəaliyyəti nəzarətdə saxlanılır.