Xızıda polis forması geyinən uşaqlar sürücüləri yollarda ehtiyatlı olmağa səsləyib
Xızı, 31 may, Elxan Yusifli, AZƏRTAC
Xızıda polis forması geyinən uşaqlar qayda pozan sürücüləri saxlayaraq onları intizamlı olmağa dəvət ediblər.
Rayon polis şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil etdiyi aksiya sürücülər tərəfindən maraqla qarşılanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun mərkəzi küçəsində keçirilən aksiya zamanı polis forması geyinən uşaqlar nəqliyyat vasitələrinin sahiblərini ehtiyatlı olmağa və hərəkət zamanı qanunlara riayət etməyə səsləyiblər.
Aksiyanın əsas məqsədi orta məktəb şagirdləri, sürücü və piyadalar arasında yol hərəkəti qaydalarının təbliği, eləcə də cəmiyyət tərəfindən balacaların həyat və sağlamlıqlarının qorunması istiqamətində görülməli olan zəruri tədbirlərin vacibliyinə diqqət çəkmək olub.
Tədbirdə Xızı RPŞ-nin DYPB-nin rəisi Füzuli Əsədov uşaqlarla söhbət edib, onlara yollarda quraşdırılmış yol nişanları, işıqforlar və piyada keçidləri haqqında ətraflı məlumat verib.