XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ RUMINİYADA ANILMIŞDIR
Buxarest, 26 fevral (AZƏRTAC). Xocalı faciəsinin 17-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyi və Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən anma mərasimi keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin əməkdaşları, Rumıniyanın sabiq və hazırkı senatorları, deputatlar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının, Buxarestdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq nümayəndəliklərin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və jurnalistlər iştirak etmişlər.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Səfir Eldar Həsənov Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmaz və qanlı səhifələrindən olduğunu vurğulamış, ermənilər tərəfindən törədilən qırğının dəhşətli nəticələrindən danışmış, tədbir iştirakçılarına soyqırımı qurbanlarının xatirəsinin dünyanın bir sıra ölkələrində anıldığını bildirmişdir.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan azərbaycanlılar Xocalı faciəsi ilə bağlı öz fikirlərini söyləmişlər.
Sonra 26 fevralın Xocalı qırğınını anım günü kimi tanınması məqsədi ilə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün yaradılmış www.justiceforkhojaly.org internet səhifəsi təqdim olunmuşdur. Saytda rəsm, məktub, esselər yerləşdirilməsi və 2009-cu il dekabrın 10-da (Beynəlxalq insan haqları günü) müsabiqə keçirilməsi, beynəlxalq, milli və yerli səviyyələrdə bu faciənin siyasi-mənəvi və hüquqi tanınması üçün sayt vasitəsilə imza kampaniyalarının təşkili və imzalanmış müraciətlərin müvafiq qurumlara göndərilməsi qaydaları izah edilmişdir. Yeni internet səhifəsindən səmərəli istifadə olunmasının vacibliyi vurğulanmışdır.
İştirakçılar Xocalı faciəsinin dəhşətlərini əks etdirən sənədli filmə, Bakı şəhərinin bir sıra orta məktəblərində və uşaq müəssisələrində keçirilmiş “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsindən seçilmiş əsərlərə baxmışlar. Həmçinin, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” seriyasından olan kitabçalarla, “Xocalı soyqırımı (sənədlərdə, faktlarda və xarici mətbuatda)”, rumın dilində çapdan çıxmış “Xocalı faciəsi”, “Erməni mifi. Erməni ekstremizmi: Onun səbəbləri və tarixi məzmunu”, “Erməni (mənimsənilmiş) xalq nağılları”, Heydər Əliyev Fondu və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) birgə hazırladığı “Azərbaycana qarşı müharibə: mədəni irsin hədəfə alınması” adlı kitablarla, XİN tərəfindən hazırlanmış “Diplomatiya aləmi” jurnalının Xocalı faciəsinə həsr olunmuş və ingilis dilində nəşr edilmiş xüsusi buraxılışı ilə tanış olmuşlar.
Bu materialların bir qismi və səfirliyin hazırladığı mətbuat məlumatı Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, dövlət arxivlərinə, milli kitabxanalara, bu ölkədə fəaliyyət göstərən səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə göndərilmişdir.
Tədbir Rumıniyanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılmış, “Nine O`Clock”, “Replika”, “Hayat”, “Zaman”, “Anayurt” və “Ultima Ora” qəzetlərində Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər, geniş yazılar dərc olunmuşdur.
######
