Xocalı faciəsi qurbanlarının xatirəsi Səbail rayonunda anılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta və ali təhsil müəssisələrində sərgilər, idman yarışları və digər tədbirlər keçirilir.
Səbail rayonunda məskunlaşmış Xocalıdan olan 23 məcburi köçkün ailəsinin nümayəndələri ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində görülən zəruri tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidməti əvəzsizdir.
Bu gün Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin işğal altındakı bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına hər kəs inanır.
Vurğulanmışdır ki, fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunacaqdır. Rayon ictimaiyyəti “Xocalı harayı” abidəsini ziyarət edəcəkdir. Həmin gün rayondakı məscidlərdə Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, “Bibiheybət” və İçərişəhər “Cümə” məscidlərində ehsanlar veriləcəkdir.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildirmişlər.
Sonda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon icra hakimiyyəti tərəfindən ərzaq bağlaması verilmiş, maddi yardım göstərilmişdir.
######
