Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş bilik yarışması keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) təşkilatçılığı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Keçmişi öyrənək-gələcəyi quraq” mövzusunda bilik yarışması keçirilmişdir.
Açılışda AQUPDK-nın sədri Hicran Hüseynova, muzeyin direktoru, akademik Nailə Vəlixanlı, təhsil nazirinin müavini İradə Hüseynova, ombudsman Elmira Süleymanova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc Xocalı sakinlərinin erməni quldur dəstələri tərəfindən gülləbaran edilməsini tarixi cinayət kimi qiymətləndirmişlər. Bildirilmişdir ki, bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edilmiş, mülki əhali görünməmiş vəhşiliklə qətlə yetirilmiş, əsir götürülənlərə amansız işgəncələr verilmişdir. Soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə yaşamaq hüququ kütləvi şəkildə, kobudcasına pozulmuşdur.
Çıxış edənlər bilik yarışmasının əhəmiyyətindən danışmışlar. Yarışmanın məqsədi Azərbaycan tarixinə nəzər salaraq, uşaqlarda doğma yurda bağlılıq, Vətən qarşısında öz borcunu dərk etmək, ölkəmizin şanlı tarixi və qəhrəman övladları ilə fəxr etmək hissini oyatmaqdır.
Yarışmada Bakının, eləcə də Azərbaycanın müvəqqəti işğal altında olan şəhər və rayonlarının paytaxtda yerləşən məktəblərinin hər birindən intellektual səviyyəsi, hazırlığı ilə seçilən yuxarı sinif şagirdlərindən ibarət komandalar iştirak etmişlər.
AQUPDK, Təhsil Nazirliyi və Milli Azərbaycan Tarixi Muzeyinin nümayəndələrdən ibarət münsiflər heyəti tərəfindən qaliblər müəyyən edilmişdir. Nəsimi rayonundakı Texniki Humanitar Liseyin şagirdi Qılınc Hüseynov, 8 nömrəli orta məktəbin şagirdi Nərmin Əliyeva və 111 nömrəli orta məktəbin şagirdi Kamil Süleymanlı birinci yerə layiq görülmüşlər.
Qaliblər AQUPDK tərəfindən fəxri diplom və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.
######
![]() |
![]() |

