XOCALI FACİƏSİNİN İLDÖNÜMÜ ZAQATALADA GENİŞ QEYD EDİLƏCƏKDİR
Hazırda təhsil və mədəniyyət ocaqlarında, idarə və müəssisələrdə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri, xatirə gecələri, konfranslar, dəyirmi masalar, görüşlər keçirilir, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, sərgi və guşələr təşkil olunur. Fevralın 24-də rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcəkdir.
Fevralın 26-da rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və ziyalıların iştirakı ilə Xocalıdan olan məcburi köçkünlərin məskunlaşdığı “Gülüstan” turist bazasında ehsan mərasimi keçiriləcək, şəhid ailələrinə yardımlar göstəriləcəkdir. Həmin gün saat 17.00-da rayon ərazisində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.