XOCALI SOYQIRIMI BƏŞƏR TARİXİNİN ƏN QANLI SƏHİFƏLƏRİNDƏN BİRİDİR
Bakı, 25 fevral (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin Bakı Regional Peşə Tədrisi Mərkəzində Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasim iştirakçıları əvvəlcə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının Azərbaycanın Xocalı şəhərində törətdikləri qanlı qırğın qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Filologiya elmləri namizədi, Milli Aviasiya Akademiyasının professoru Maqsud Hacıyev xəyanətkar ermənilərin əsrlər boyu Azərbaycan xalqının başına gətirdikləri faciələri konkret faktlar və rəqəmlərlə mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. Bu faciəni bəşər tarixinin ən qanlı, ən dəhşətli səhifəsi adlandıran professor, həmin o müdhiş gecədə erməni qaniçənlərinin öz vəhşi xarakterlərinə sadiq qalaraq, Azərbaycanın Xocalı şəhərini yer üzündən silmələrinə, qadına, qocaya, körpəyə belə aman vermədən qarşılarına çıxan bütün günahsız azərbaycanlıları insanlığa sığmayan ən vəhşi və qəddar üsullarla qətlə yetirmələrinə dair təkzibolunmaz həqiqətlərdən danışmışdır. M.Hacıyev Xocalı qətliamını bundan əvvəl erməni cəlladlarının xalqımıza qarşı həyata keçirdikləri 4 soyqırımı aktının - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1991-ci illər qırğınlarının davamı kimi xarakterizə etmişdir.
Professor M.Hacıyev demişdir ki, ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən biz təkcə bu qanlı qırğının ildönümü günlərində deyil, bütün ilboyu danışmalı, xəyanətkar düşmənlərimizin iç üzünü açmaq, onların vandallara xas olan qaniçənliyini dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan iş aparmalıyıq.
Mərasimin sonunda M.Hacıyev iştirakçıların, xüsusilə gənclərin soyqırımı ilə bağlı çoxsaylı suallarını cavablandırmışdır.