“Xocalı soyqırımı: beynəlxalq hüququn məsuliyyəti kimi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 24 fevral (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, fevralın 24-də Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və qurumun Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı “Xocalı soyqırımı: beynəlxalq hüququn məsuliyyəti kimi” adlı tədbir keçirilmişdir.
Milli Məclisin deputatı, partiyanın rayon təşkilatının sədri Məlahət İbrahimqızı Ermənistanın törətdiyi Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən dəhşətli cinayət olduğunu vurğulamışdır.
M.İbrahimqızı bildirmişdir ki, “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın müddəalarına əsasən bu sənədə qoşulan dövlətlər sülh, yaxud müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımının beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayət bu konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməlləri özündə əks etdirir. Lakin təəssüflər olsun ki, beynəlxalq birlik tərəfindən Xocalı soyqırımına hələ də siyasi-hüquqi qiymət verilməmişdir.
Deputat Flora Qasımova da çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini büsbütün məhv edərək insanlığa silinməz ləkə olan əsl soyqırımı aktı törətdiklərini, cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlının qəddarcasına öldürüldüyünü, 487 nəfərə ağır xəsarət yetirildiyini, 1275 sakinin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qoyduqlarını qeyd etmişdir.
F.Qasımova vurğulamışdır ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası nəticəsində mühüm işlər görülmüşdür.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev də beynəlxalq qurumların bu faciəni soyqırımı kimi tanımasının vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və xaricdə yaşayan azərbaycanlılar bu istiqamətdə geniş tədbirlər həyata keçirirlər.
Tədbirdə türk yazıçı-rəssam Handan Kayakökünün “Soyqırım çocukları” klipi də təqdim olunmuşdur.
######
