Xocalı soyqırımı ilə bağlı Çin dilində film nümayiş etdirilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Xocalı soyqırımı ilə bağlı Çin dilində film nümayiş etdirilib. Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov XX əsrin faciəvi hadisələrindən biri olan Xocalı soyqırımının nəticələrindən danışıb və bu qətliam haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğulayıb. Qeyd olunub ki, Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası təqdirəlayiqdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov diqqətə çatdırıb ki, beynəlxalq ictimaiyyət Xocalı soyqırımının tanınması üçün səylərini intensivləşdirməlidir.
ADU-nun əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xocalı hadisələrinin şahidi Vahid Əlioğlu müəllifi olduğu “Xocalı” poemasından bir parça səsləndirib.