Xocalı soyqırımı insanlığa qarşı yönəlmiş terror siyasətidir
Bakı, 25 fevral, Elvira Məmmədova, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin iştirak etdikləri anma mərasimində ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov bildirib ki, Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla yanaşı, həm də Azərbaycanın ərazi bütövlüyünə, dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin tərkib hissəsidir.
Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalıya hücumu nəticəsində bir gecədə bu şəhər yerlə-yeksan edilib. Silahlı ermənilər dinc əhaliyə amansızcasına divan tutublar. Meşələrə, dağlara səpələnən əliyalın insanların çoxu şaxtada donaraq məhv olub. Qanlı qırğın nəticəsində 613 nəfər qətlə yetirilib, təqribən min nəfər şikəst olub, 1275 adam girov götürülüb ki, onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil.
Daha sonra Türkiyə, Pakistan və Sudanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də çıxış edərək 23 il əvvəl ermənilərin Xocalıda bəşəriyyətə qarşı törətdikləri ağır cinayəti qəti şəkildə pisləyib, bu həqiqətlərin dünya ölkələri tərəfindən tanınmasının vacibliyini vurğulayıblar.
Tədbirdə azərbaycanlı və türkiyəli tələbələrin ifasında faciəyə həsr olunmuş şeirlər səsləndirilib, videoçarx nümayiş olunub.