Xocalı soyqırımından bəhs edən buklet hazırlanmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Xətai Rayon İcra hakimiyyəti Xocalı soyqırımının 19-cu ildönümü ərərfəsində “Xocalı” adlı buklet hazırlamışdır.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş və fotoşəkillərlə zəngin bukletdə “Bir gecənin faciəsi”ndən söz açılmaqla bərabər, azərbaycanlıların 200 il ərzində erməni separatçılarının davamlı etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalması, tarixi torpaqlarından qovulması, qaçqına, məcburi köçkünə çevrilməsi vurğulanır, onların 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə törətdikləri terror aktları nəticəsində minlərlə günahsız azərbaycanlının qanının töküldüyü xatırladılır. “Sovet İttifaqının son günlərində, 1988-ci ildə erməni xisləti özünü yenə büruzə verdi, 1989-cu ilədək 250 mindən çox azərbaycanlı Ermənistandan deportasiya edildi”-, deyə qeyd olunur. Müəlliflər erməni təcavüzü ilə əlaqədar statistik rəqəmləri də açıqlayır, diqqəti 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hərbi-strateji əhəmiyyətli yaşayış məntəqəsi olan, Qarabağda yeganə hava limanının yerləşdiyi Xocalıda törədilmiş soyqırıma yönəldir, azğınlaşmış erməni millətçilərinin Ağdama çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuş əliyalın dinc sakinlərə tutduğu divanı təsvir edirlər. Məlumat verilir ki, həmin gecə Xocalı sakinlərindən 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca öldürülmüş, 8 ailə bütövlükdə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə yarılmış, meyitlər təhqir edilmişdir. Hadisə zamanı 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüşdür. 155 nəfərin taleyi bu günədək məlum deyildir.
Müəlliflər xüsusi vurğulayırlar: “Hüquqi nöqteyi-nəzərdən Xocalıda baş vermiş qətliam təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə həyata keçirilmişdir”.
Xatırladılır ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra göstərilmişdir. Məhz ümummilli liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə hər il fevralın 26-da saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur.
Buklet “Azərbaycan xalqı bütün qəlbi ilə inanır ki, Heydər Əliyevin başladığı işi onun layiqli davamçısı hörmətli Prezidentimiz İlham Əliyev başa çatdıracaq, işğal altındakı torpaqlarımız azad ediləcək, şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanları yerdə qalmayacaq” cümləsi ilə bitir.