Xocalı soyqırımının ildönümü Almaniyada geniş qeyd ediləcəkdir
Berlin, 21 fevral (AZƏRTAC). Almaniyada Xocalı soyqırımının ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirilməsi nəzərdə tutulur. Azərbaycan-Almaniya münasibətlərinin inkişaf etdirilməsi cəmiyyəti (GeFDAB) fevralın 23-də Bundestaqda konfrans keçirəcəkdir. Fevralın 24-də Azərbaycanın AFR-dəki səfirliyi “Xocalıya ədalət” hərəkatı ilə birlikdə Berlin filarmoniyasında kamera musiqisi konserti təşkil edəcəkdir. Almaniya Azərbaycanlılarını Əlaqələndirmə Mərkəzi (AAƏM) və Atatürkçü Düşüncə Dərnəyi Cəmiyyəti (Berlin-Brandenburq) fevralın 25-də Berlindəki Türk evində konfrans keçirəcəkdir. Fevralın 26-da AAƏM, Azərbaycan evi, Azərbaycan-Alman Həmrəylik Cəmiyyəti və “Xocalıya ədalət” hərəkatı Berlindəki Gedachtniskirche kilsəsinin qarşısında kütləvi nümayiş keçirəcəklər. Elə həmin gün “Azərbaycan mədəniyyət ocağı” Cəmiyyəti tərəfindən konfrans təşkil ediləcək, Xocalı haqqında sənədli film nümayiş etdiriləcək, həmçinin Braunşvaygerştrassedə Azərbaycan-Almaniya Həmrəylik Cəmiyyətinin mənzil-qərargahında soyqırımı qurbanlarını anım mərasimi keçiriləcəkdir.
Xocalı soyqırımının ildönümünə həsr edilmiş tədbirlər Almaniyanın digər şəhərlərində də keçiriləcəkdir. Fevralın 24-də Drezdendə Azərbaycan-Almaniya Cəmiyyəti tərəfindən Xocalı qırğını qurbanlarının xatirəsini anım mərasimi, sonra isə bu mövzuya həsr edilmiş konfrans keçiriləcəkdir. Həmin cəmiyyətin Saksen-Anhaltdakı və Frankfurtdakı filialları fevralın 26-da, müvafiq surətdə Maqdeburqda və Frankfurtda anım aksiyaları keçirəcəklər. Elə həmin gün Frankfurtda Höte Universiteti kitabxanasının Azərbaycan bölməsinin açılışı olacaqdır. “Odlar yurdu” Cəmiyyəti Nürnberqdə tədbir keçirəcək, sənədli film nümayiş etdirəcək, Atatürkçü Düşüncə Dərnəyi Cəmiyyəti və “Azərbaycan Mədəniyyət Ocağı” Hamburqda tədbir təşkil edəcək, “Xəzər” Cəmiyyəti isə Hannoverdə konfrans keçirəcəkdir.
Planlaşdırılan bütün tədbirlərə Almaniya ictimaiyyətinin nümayəndələri dəvət edilmişdir. Tədbirlərdə AFR-də yaşayan başqa diasporların nümayəndələri də iştirak edəcəklər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin