“Xocalının dünyaya çatan harayı” mövzusunda elmi-praktiki konfrans
Bakı, 25 fevral, Pərvanə İmanova, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan tədbirdə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda muzeyin direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynov “Dünya soyqırımları faciəsi kontekstində Xocalı” mövzusunda məruzə ilə çıxış edib, ermənilərin Azərbaycanda törətdikləri bu soyqırımının dünyada ən dəhşətli cinayət olduğunu söyləyib.
Akademik R.Hüseynov hər il dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı anma mərasimlərinin keçirildiyini vurğulayaraq bildirib ki, əsas məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını ifşa etməkdir.
R.Hüseynov bir çox ölkələrdə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının keçirilməsini yüksək dəyərləndirərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan olduğunu söyləyib. Akademik artıq bir sıra xarici ölkələrdə Xocalı faciəsinin geniş şəkildə işıqlandırılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
Xocalı faciəsinin acı gerçəkləri barədə məlumat verən Milli Məclisin deputatı Xocalıda dinc əhaliyə qarşı törədilmiş cinayətə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsinin və cinayətkarların cəzalandırılmasının zəruriliyini vurğulayıb.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev ermənilər tərəfindən xalqımızın başına gətirilmiş vəhşilikləri faktlarla diqqətə çatdırıb, bu faciənin Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləyib. Milli Məclisin deputatı Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarını alacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini ifadə edib.
Tədbirdə “Xocalı faciəsi haqqında erməni etirafları”, “Xocalıda törədilmiş erməni vandalizmi”, “Xocalı faciəsi tarixi cinayətdir” mövzularında məruzələr dinlənilib.
Sonda Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin X.Natəvan adına Qarabağ filialının əməkdaşlarının dünya muzeylərinə müraciəti səsləndirilib. Müraciətdə Ermənistanın Azərbaycana qarşı işğalına son qoyması, zəbt edilmiş torpaqlarımızın azad edilməsi, qaçqınların və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtması üçün dünya muzeylərinə çağırış əks olunub.