QAN YADDAŞI
XOCALININ HAQQ SƏSİ DÜNYA İCTİMAİYYƏTİNƏ ÇATDIRILMALIDIR
AZƏRTAC xəbər verir ki, fevralın 25-də “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Səttar Bəhlulzadə adına sərgi salonunda Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş vətənpərvərlik mövzusunda ikinci divar kağızı sərgisi açmışdır.
Sərgidə Bakı məktəblilərinin Xocalı faciəsindən bəhs edən rəsm əsərləri, “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı üzvlərinin rəsm nümunələri, həmçinin hərəkatın bir ay əvvəl elan etdiyi müsabiqəyə Türkiyə, İran və Rusiyadan göndərilmiş əsərlərdən seçilən (100 əsərdən 50-si) divar kağızı, kompyuter vasitəsilə çəkilmiş qrafika əsərləri nümayiş etdirilmişdir.
Sərginin açılışı münasibətilə keçirilən tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, erməni vandallarının törətdikləri Xocalı soyqırımı cinayətlərinin miqyasına, ağlasığmaz qəddarlığına və cəza üsullarına görə ən dəhşətli vəhşilik aktıdır. Bu soyqırımın dünyada tanıtdırılması istiqamətində işlər davam etdirilməlidir.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu faciəyə Milli Məclis tərəfindən siyasi qiymət verildiyini vurğulamışlar. Bu gün Prezident İlham Əliyevin yürütdüyü prinsipal siyasət sayəsində beynəlxalq təşkilatların Xocalı soyqırımını tanıyacaqlarına və erməni cinayətkarlarının öz layiqli cəzalarını alacaqlarına inam ifadə olunmuşdur.
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı müsabiqəyə təqdim olunmuş əsərlərdən ibarət disklərin dövlət qurumlarına, qeyri-hökumət təşkilatlarına, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlara paylanacağını bildirmişdir. Həmçinin hərəkatın informasiya texnologiyaları departamenti tərəfindən hazırlanmış və fevralın 26-sı saat 11-dən başlayaraq ingilis, fransız, italyan və alman dillərində məlumatların dünyanın aparıcı ölkələrinin hökumət rəhbərlərinə, konqresmenlərə, senatorlara, beynəlxalq təşkilatlara, ümumilikdə sayı 10.000-dək olan elektron ünvana çatdırılması təmin ediləcəkdir.