Xüsusi karantin rejiminin elan olunduğu bölgələrdən Daşkəsən rayonuna gələn şəxslər cərimələniblər
Bakı, 10 iyul, AZƏRTAC
Ölkə ərazisində elan olunan xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, xüsusi karantin rejimi qaydalarını pozaraq rayon ərazisinə istirahət məqsədilə gələnlər Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanaraq məsuliyyətə cəlb olunublar.
Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gələnlər də olub.
Reyd zamanı karantin rejimi qaydalarını pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunub. Həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.