CƏMİYYƏT
Yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb



Bakı, 28 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmət tərəfindən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə deyil, yanğın su hovuzu isə istifadəyə yararsızdır. Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb. Elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və obyektdə mövcud olan ildırımötürücünün sazlığı barədə mütəxəssis aktı tərtib olunmayıb. Eyni zamanda, obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
“Beləliklə, mövcud vəziyyət onu göstərib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an yarana biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək”, - deyə FHN-in məlumatında bildirilib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.