Yanvarın ilk günlərində havanın əsasən yağmursuz olacağı proqnozlaşdırılır
Bakı, 28 dekabr, AZƏRTAC
Yanvarda havanın orta aylıq temperaturunun ölkə ərazisində qeyri-bərabər paylanması gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın ilk günlərində mülayim, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 3-4° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 2-7° isti, bəzi günlərdə 1-6° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 0-2° şaxta, olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 3-8°, bəzi günlərində 11-16° şaxta, dağlarda 18-23° şaxta, gündüzlər 4-9° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-25 mm) olacağı proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-3° şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 2-7° şaxta, bəzi günlərində 10-14° şaxta, gündüzlər 2-7° isti, bəzi günlərdə 0-5° şaxta olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 16-24 mm) olacağı ehtimal edilir.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 1-3° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 0-5° isti, bəzi günlərdə 2-6° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 2° şaxtadan-3°-dək isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2° şaxtadan 1°-dək isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Hərarət gecələr 3° şaxtadan 2°-dək isti, bəzi günlərdə 7-12°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüzlər 5-10° isti, bəzi günlərdə 0-5° şaxta olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın və bəzi yerlərdə isə bir qədər çox (norma 22-49 mm) olacağı ehtimalı var.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Hərarətin gecələr 1-6° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 1° şaxtadan 4°-dək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-30 mm), bəzi yerlərdə bir qədər çox olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturu 2-5° isti olacaq. Bu da iqlim norması daxilindədir. Hərarətin gecələr 1-6° isti, bəzi günlərdə 0-5°, dağlarda 10-15° şaxta, gündüzlər 6-11° isti, bəzi günlərdə 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 63-98 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.