YAP Tərtər rayon təşkilatının üzvləri şəhid ailələrini ziyarət ediblər
Tərtər, 16 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının üzvləri Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçular Şahbazov Ruslan Mahir oğlunun və Babazadə Mirşəmsi Elşad oğlunun ailəsini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində keçirilən görüş zamanı Azərbaycan ordusunun 44 günlük müharibədə şücaətindən, şəhid Ruslan Şahbazovun və Mirşəmsi Babayevin keçdikləri döyüş yolundan söhbət açılıb. Bildirilib ki, hər iki hərbi qulluqçu Suqovuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Görüşlər zamanı şəhid valideynləri Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında övladlarının da iştirakından qürur duyduqlarını bildirib, ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Partiya fəalları şəhid ailələrinin çətinlikləri ilə maraqlanıb və bəzi problemlərinin həlli üçün köməklik göstəriblər.