YAP veteranlarının gənclərlə növbəti görüşü Bərdədə olub
Bakı, 12 iyul, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində iyulun 12-də Bərdə rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bilddiriblər ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edərək Şəhidlər abidəsi önünə əkil qoyublar.
Sonra mülki şəhidlərin xatirəsinə salınmış Xatirə lövhəsinin önünə tər qərənfillər düzərək xatirələrini ehtiramla anıblar.
Daha sonra Heydər Əliyev parkında təşkil olunmuş sərgiyə baxış keçirilib və şəhər 3 saylı tam orta məktəbin şagirdləri kompozisiya təqdim ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya “Heydər Əliyev İli” ilə əlaqədar YAP-ın silsilə tədbirlər keçirdiyini xatırladıb, dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacibliyini söyləyib.
YAP Veteranlar Şurası sədrinin müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb.
YAP Veteranlar Şurasının üzvü, “91”lərdən olan akademik Sudeyif İmamverdiyev vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır.
Akademik bildirib ki, Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və dünyada güclü, nüfuzlu dövlətə çevrilib.