Yaponiya hökuməti fövqəladə vəziyyət rejimini uzadacaq
Tokio, 2 fevral, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasına görə Tokio, Osaka və daha səkkiz prefekturada fövqəladə vəziyyət rejimini uzadacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir Yoşihide Suqa məlumat verib. Baş nazir bildirib ki, ölkə üzrə koronavirusa yoluxma sayı azalsa da, ehtiyatı əldən vermək olmaz.
Qeyd edək ki, Yaponiyada hazırda 11 prefekturada fövqəladə vəziyyət rejimi davam edir. Onun qüvvədə olma müddəti fevralın 7-də başa çatacaq.
Hökumət Tokio yaxınlığında yerləşən Toçiqi prefekturası istisna olmaqla digər prefekturalarda fövqəladə vəziyyət rejimini müddətini uzadacaq. Həmin prefekturada yoluxmaların sayı xeyli azalıb və səhiyyə sistemi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilir.
Qəbul ediləcək qərara görə, qalan 10 prefekturada fövqəladə vəziyyət rejimi martın 7-dək qüvvədə olacaq. Bununla yanaşı, həmin rayonlarda vəziyyət yaxşılaşacağı təqdirdə fövqəladə vəziyyət rejiminin vaxtından tez ləğv ediləcəyi də bildirilir.
Qeyd edilir ki, məsələ ilə bağlı mütəxəssislərin rəyi dinlənildikdən sonra, hökumət onu Baş nazirin iştirakı ilə parlamentin komitələrindən birində müzakirə etmək niyyətindədir.
Formal olaraq qərar günün sonunda hökumətin xüsusi işçi qrupunun iclasında qəbul ediləcək.
Bundan sonra mətbuat konfransı keçirən Y.Suqa fövqəladə vəziyyət rejiminin uzadılması səbəblərini izah edəcək. Mətbuat konfransı zamanı Baş nazirin restoran və bar sahiblərinə müraciət edərək onları qısa iş rejimində çalışmağı davam etdirməsini və əhalidən lazımi ehtiyac olmadığı təqdirdə evdən çıxmamasını xahiş edəcəyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio