Yardımlıda dezinfeksiya işləri davam etdirilir
Yardımlı, 24 iyun, Bağır Əliyev, AZƏRTAC
Yardımlı rayonunda koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları, ticarət və xidmət obyektləri, prospekt və küçələr, avtomobil dayanacaqları, parklar, xiyabanlar, ödəniş terminalları və bankomatlarda mütəmadi olaraq dezinfeksiya işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yardımlıda koronavirus pandemiyası ilə mübarizə məqsədilə tibbi-profilaktiki tədbirlə yanaşı, əhali arasında maarifləndirici söhbətlər də aparılır. Sakinlərə xüsusi karantin rejiminə ciddi əməl etmək, habelə şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi tövsiyə olunur.
Mobil qruplar şəhərin müxtəlif küçələrində, parklarda karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.
Polis əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.