Yardımlıda sənaye məhsullarının istehsalı 3,6 faiz artıb
Yardımlı, 9 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən il Yardımlı rayonunun sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 1279,5 min manatlıq və ya əvvəlki müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çox sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye sahəsi üzrə məhsul buraxılışı və xidmətlərin həcmi dövlət sektorunda 1027,4 min manat olmaqla 80,3 faiz, qeyri-dövlət sektorunda isə 252,1 min manat olmaqla 19,7 faiz təşkil edib.
Bu barədə Yardımlı Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə məlumat verilib.
Bildirilib ki, rayonda istehsal edilən sənaye məhsulunun 19,7 faizi emal sektorunda, 55,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 24,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sənayesi sektorunda istehsal və xidmətlərin həcmi 81,2 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 103,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 135 faiz təşkil edib.
Rayonda sənaye sahəsində çalışan işçilərin sayı 233 nəfər olmaqla əməkhaqqı fondu 1239,2 min manat, orta aylıq nominal əməkhaqqı 442,9 manat təşkil edib.