İDMAN
YARIŞLARIN İLK GÜNÜ İDMANÇILARIMIZ ÜÇÜN UĞURSUZ OLMUŞDUR
İyulun 28-də Parisdə yeniyetmələrin 7-ci olimpiada festivalı start götürmüşdür. İdmanın üzgüçülük, stolüstü tennis və atletika növləri üzrə yarışlara qatılmış idmançılarımız üçün ilk oyunlar uğursuzluqla nəticələnmişdir. “Jorj Karpantiya” üzgüçülük hovuzunda keçirilən yarışda “Nefçi” idman-sağlamlıq mərkəzinin baş məşqçisi Oleq Həşimovun yetirmələrindən Roman Boraday sərbəst üsulla 100 metrlik məsafəni 59,08 saniyədə qət etmiş və 33 idmançı arasında 31-ci yeri tutmuşdur. Onun komanda yoldaşı Səbinə Məmmədova da zəif çıxış etmiş və 32 üzgüçü arasında sonuncu yerlə kifayətlənmişdir. ”Şarleti” stadionunda keçirilmiş atletika yarışlarında da idmançılarımız qətiyyətli oyun nümayiş etdirə bilməmişlər. Qalib adı uğrunda mübarizəyə qoşulmuş qaçış üzrə idmançılarımız da imkanlarından aşağı səviyyədə çıxış etmişlər.Gülnarə Cəbrayılova qızlar arasında 19-cu, idmanın bu növündə çıxış etmiş digər idmançımız Cavanşir Yolçuyev 24 idmançı arasında 19-cu yeri tutmuşdur. Oğlanlar arasında 100 metrlik məsafəyə qaçışda 30 idmançı arasında finişə 23-cü çatmış Ruslan Abbasov da yarımfinala vəsiqə qazana bilməmişdir. Qızlar arasında həmin məsafəni qət etməkdə Səbinə Novruzovanın göstərdiyi nəticə də qeyri-qənaətbəxş olmuşdur.
Həmin gün stolüstü tennis yarışlarında iştirak etmiş idmançılarımız da müvəffəqiyyət qazana bilməmişlər.
Sabah nümayəndə heyətimizin və məşqçilərin böyük inam bəslədikləri və qələbə gözlədikləri dzyudoçularımız birincilik uğrunda mübarizəyə qoşulacaqlar. Digər idmançılarımız stolüstü tennis, atletika, üzgüçülük və velosipedsürmə yarışlarında ölkəmizin idman şərəfini qorumağa səy göstərəcəklər.