Yaşayış binasının çökdüyü Florida ştatında fövqəladə vəziyyət elan edilib
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-nə keçən gecə ABŞ Prezidenti Cozef Bayden yaşayış binasının çökdüyü Floridada ştatında fövqəladə vəziyyət rejiminin elan edilməsi barədə fərman imzalayıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, Cozef Bayden, həmçinin yerli hakimiyyət orqanlarına federal yardım ayrılmasını tapşırıb.
“Prezident Cozef Bayden Serfsayd şəhərində binanın uçması səbəbindən Floridada fövqəladə vəziyyət rejimi elan edib və yerli hakimiyyət orqanlarının səylərini tamamlamaq üçün ştata federal yardımın ayrılması barədə göstəriş verib”, - deyə Ağ evin mətbuat xidməti bildirib.
Cozef Baydenin sərəncamı Daxili Təhlükəsizlik Nazirliyi və Fövqəladə Vəziyyətlər üzrə Federal İdarəsi tərəfindən Florida ştatına yardım edilməsini nəzərdə tutur.
Qeyd edək ki, iyunun 24-nə keçən gecə Florida ştatının Mayami-Deyd dairəsində yerləşən Serfsayd şəhərində 12 mərtəbəli yaşayış binası çöküb. Rəsmi məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, 99 nəfər itkin düşüb. Hazırda insidentin baş verdiyi rayonda polis və yanğınsöndürmə xidmətinin əməkdaşları fəaliyyət göstərir.