“Yaşıl icma hərəkatı” layihəsinə başlanılmışdır
Ağcabədi, 13 fevral (AZƏRTAC). Mərkəzi Aranda ABŞ-ın Sülh Korpusu və Aqro İnformasiya Mərkəzi (AİM) tərəfindən “Yaşıl icma hərəkatı” layihəsinə başlanılmışdır.
AİM-dən AZƏRTAC-a bildirmişlər ki, hərəkatın yaradılmasının məqsədi ətraf mühitin qorunmasında bilik və bacarıqların artırılması və əhalinin bu sahədə müsbət dəyişikliklərin əldə olunmasına həvəsləndirilməsidir.
Layihə ilk olaraq Zərdab rayonunun Körpükənd kəndindən başlanılmışdır. Burada keçirilən tədbirdə çıxış edən AİM idarə heyətinin sədri Fazil Cəfərov, Sülh Korpusunun könüllüsü Karissa Makkey və başqaları hərəkatın qarşısında duran vəzifələrdən, mövcud problemlərin həlli yollarından danışmışlar.
Bildirilmişdir ki, bir çox ölkələrdə torpaqların şoranlaşması və səhralaşma ciddi problemlərə səbəb olmuşdur. Odur ki, icma səviyyəsində səfərbər olmaq, ətraf mühitin qorunması sahəsində vərdişlərə yiyələnmək lazımdır. Bu istiqamətdə yaşıllıqların salınması, tullantıların idarə olunması, ekoloji nəqliyyat vasitələrindən istifadə, təbii resurslardan səmərəli istifadə, bitki qalıqlarının yandırılmasının qarşısının alınması kimi tədbirlərin görülməsi olduqca vacibdir.
Tədbirdə məktəblilərin hazırladıqları “Ətraf mühiti qoruyaq” mövzusunda rəsm əsərləri nümayiş olunmuş, ilk üç yeri tutan şagirdlər mükafatlandırılmışlar.
Tullantıların idarə edilməsi ilə bağlı təqdimatdan sonra məktəbə tullantıların üç hissədə çeşidlənməsi üçün xüsusi hazırlanmış qablar təqdim edilmişdir. Bu qablardan istifadə etməklə məktəbdə məişət, heyvan və bitki mənşəli tullantılar toplanaraq təsərrüfat məqsədli kompost hazırlanacaqdır.
Sonra məktəbin ərazisində 332 ədəd sərv, göyrüş və liqustr ağacları əkilmişdir. Tədbir iştirakçılarına AİM-in nəşr etdirdiyi “Sərvət” jurnalı paylanılmışdır.
“Yaşıl icma hərəkatı” Zərdab ilə yanaşı, Ağcabədi və Beyləqan rayonlarında da davam etdiriləcəkdir.