YAXIN GÜNLƏRDƏ “ŞƏRQİ AZƏRİ”DƏ QABAQLAYICI QUYULARIN QAZILMASINA BAŞLANACAQ
“bp-Azərbaycan” şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda “Qərbi Azəri” yatağında geoloji-texniki işlər aparılır. Əvvəlcə, burada əlavə iki tamamlayıcı quyu qazmaq, bir qədər sonra isə onların sayını üçə çatdırmaq planlaşdırılmışdı. Bu iş əvvəllər burada qazılmış on qabaqlayıcı quyunun kəmərlərinin qarışmasının səbəblərini müəyyənləşdirmək və onları nəzərə almaqla, paket qazmanı davam etdirmək üçün yeni yer tapmaq məqsədi ilə aparılır. Əldə edilmiş məlumatların təhlilinə gələn həftə başlanacaqdır.
Şirkətdən həmçinin demişlər ki, dekabr ayında burada altı qabaqlayıcı quyunun qazılması üçün dayaq tavaları quraşdırılmışdır. İndi “Qərbi Azəri” yatağında təkrar qazma işləri aparılacaqdır. Bundan əvvəl burada yeni dayaq tavası quraşdırılacaqdır.
Qabaqlayıcı qazma proqramı yataqda dəniz stasionar platforması tikildikdən sonra neft hasilatı prosesini sürətləndirməlidir. “Azəri” yatağının qərb və şərq hissələrinin işlənilməsi “Faza-2” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə hər birində 48 quyu qazılacaq iki platformanın tikilməsi nəzərdə tutulur. “Faza-2” layihəsi çərçivəsində ilk neftin 2006-cı ilin ortalarında çıxarılacağı gözlənilir.
İki platformadan ildə 20 milyon tondan çox neft hasil ediləcəkdir. Bu fazanın həyata keçiriləcəyi müddətdə 210 milyon ton neft hasil etmək planlaşdırılır. Layihənin dəyəri 5,2 milyard dollardır.