Yekaterinburqda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib
Yekaterinburq, 20 yanvar, AZƏRTAC
Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki Baş konsulluğunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan diasporunun Yekaterinburqda və ətraf şəhərlərdə yaşayan üzvləri, Baş konsulluğun əməkdaşları iştirak ediblər.
Şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və daha sonra Dövlət himnlərinin səslənməsi ilə başlanan anım tədbirində 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun rəhbəri vəzifəsini icra edən Şöhrət Mustafayev tədbirdə çıxış edərək, Qara Yanvar hadisələrinin tariximizə Azərbaycan xalqının iradəsinin sarsılmazlığının nümayişi olaraq yazıldığını diqqətə çatdırıb. O bildirib ki, bu hadisələr Azərbaycan milli kimliyinin formalaşmasında həlledici rol oynayıb, dövlət müstəqilliyimizin bərpasına dönüş nöqtəsi olub.
Ş.Mustafayev bu faciənin baş verməsinin başlanğıc nöqtəsini Ermənistanın ötən əsrin 80-ci illərinin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları sürməsi ilə əlaqələndirib, SSRİ rəhbərliyinin bu separatizmə dəstək verməsinin Azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdiyini xatırladıb. O, ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusunun beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq, dinc əhaliyə qarşı qırğın törətdiyini bildirib. Vurğulanıb ki, hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransı keçirib, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib və 20 Yanvar - Ümumxalq Hüzn Günü elan olunub.
Qanlı Yanvar faciəsindən 32 il keçməsinə baxmayaraq, XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən biri olan bu hadisəyə beynəlxalq siyasi-hüquqi qiymətin hələ də verilmədiyini bildirən Ş.Mustafayev, 20 yanvar hadisəsindən sonra da erməni işğalçılarının və onların havadarlarının dəstəyi ilə Azərbaycanın ərazi bütövlüyünə təcavüzün davam etdiyini, torpaqlarımızın 20 faizinin işğal olunduğunu qeyd edib.
Müzəffər Ali Baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünü təmin etdiyini xüsusi vurğulayan natiq, Azərbaycan Respublikasının dünya birliyinin layiqli, etibarlı və məsuliyyətli üzvü olduğunu bildirib.
Daha sonra “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki rəhbəri Toğrul Həsənzadə, Perm vilayət üzrə Azərbaycanlıların İctimai Milli-Mədəni Cəmiyyətinin sədri Çingiz İsayev, Ural Dövlət Dağ Universitetinin kafedra müdiri, professor Niyaz Vəliyev çıxış ediblər.
Sonda Qanlı Yanvar faciəsini əks etdirən fotoşəkillər tədbir iştirakçılarına nümayiş olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq