Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı üzvlərinin 4377 nəfəri gənclərdir
Ağcabədi, 12 avqust (AZƏRTAC). 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın Dövlət himninin səslənməsi ilə başlayıb.
YAP Ağcabədi rayon təşkilatı gənclər birliyinin sədri Nicat Axundov çıxış edərək 12 avqust - Beynəlxalq Gənclər günü, eləcə də 2 fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsindən, gənclərin cəmiyyətdəki rolundan, rayonun ictimai-siyasi, mədəni həyatında, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlardan danışıb.
Ulu öndər Heydər Əliyevin gənclərə qayğısından bəhs edən natiq Gənclər və İdman Nazirliyinin yaradılmasını, dövlət gənclər siyasəti konsepsiyasının qəbul edilməsini gəncliyə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib. Bildirib ki, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də gənclərə etimad və qayğı ilə yanaşır.
Tədbirdə çıxış edənlər gəncləri əlamətdar gün münasibətilə təbrik edərək, ölkəmizin bütün sahələrdə inkişafında gənclərin xidmətlərini diqqətə çatdırıblar. Qeyd olunub ki, YAP gənclər siyasətinə xüsusi önəm verir. Odur ki, gənclər böyük ruh yüksəkliyi ilə partiya sıralarına daxil olurlar. Bu gün YAP Ağcabədi rayon təşkilatı öz ətrafında 11 min 086 nəfər YAP üzvünü birləşdirir ki, onların da 4377 nəfərini gənclər təşkil edir.
Mərasimdə hərbi vətənpərvərlik mövzusunda və gənclərlə bağlı videoçarxlar nümayiş olunub.
Tədbir Qarabağ Muğam Mərkəzinin musiqi kollektivinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirilib.